Xəbər verdiyimiz kimi, 23-25 iyun tarixində Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək.
Bu ilin aprel ayı ərzində festivalın Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanmış 13 kollektiv həlledici mərhələyə dəvət qazanıb. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrlarıdır.
Ölkəmizdə ümumilikdə 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılığının inkişaf etdirilməsində bu kollektivlərin əhəmiyyətli rolu var.
Final mərhələsi üçün Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.
Festivalın final mərhələsində tamaşalar 23 iyunda R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında (doqquz tamaşa), iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında (4 tamaşa) nümayiş olunacaq. Bağlanış mərasimi 24 iyunda Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Festivalın final mərhələsi çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə birgə I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.