İyunun 25-də Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olundu.
Gecənin açılışında çıxış edən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Elşad Əliyev bildirdi ki, gənclərlə iş nazirliyin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. O cümlədən kinematoqrafiya sahəsində fəaliyyət daim diqqətdədir. Gənclərin bu sahədə potensialını üzə çıxarmaq üçün vaxtaşırı layihələr reallaşır, onların kino prosesində iştirakı təmin edilir.
Bildirildi ki, bu gün gənc kinematoqrafçıların filmləri müxtəlif beynəlxalq festivallarda mükafatlar qazanır. Bu istiqamətdə işlər davam etdirilir: “Təsadüfi deyil ki, bu günlərdə nəticələri elan edilən ssenari müsabiqəsi qaliblərinin əksəriyyəti də məhz gənclərdir. Bu axşam böyük kinoya yeni baxış bucağı təqdim edən gənclərin qısametrajlı filmlərini izləyəcəyik”.
Daha sonra nümayiş olunacaq 4 filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Rejissorlar onlara yaradılan şəraitə və yaradıcılıq üçün göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına və digər studiyalara təşəkkürlərini bildirdilər.
Daha sonra filmlər nümayiş olundu.
Kino axşamında gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış ekran əsərləri təqdim edildi. Tamaşaçılar “Ayaqqabı əməliyyatı” (rejissor Pərviz Həsənov, “Debüt” studiyası), “Balaca” (rejissorlar Orxan Ağazadə, Ruslan Ağazadə, “Azərbaycanfilm”), “Sənin sevdiyin musiqi” (rejissor Ceyhun Türksoy, “Azərbaycanfilm”) və “Estakada” (rejissor Fuad Tofiqoğlu, “Nərimanfilm”) qısametrajlı filmlərini izlədilər.
LALƏ