İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Moskvadakı B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin hesabat çıxışları başlandı.
Teatr sahəsi üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, bu sahədə xarici ölkələrlə müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin sənədə əsasən, 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılıb. Azərbaycana gələn pedaqoji qrup istedadlı gənclərdən ibarət heyəti toplayaraq onlara incəsənətin müxtəlif istiqamətləri, xüsusilə də teatr sənətinin çoxşaxəli istiqamətlərini tədris ediblər. Tədris prosesi zamanı tələbələrimizin ifasında bir neçə tamaşa səhnələşdirilib. İndi isə azərbaycanlı tələbələr sənət hesabatı üçün doğma şəhərdədirlər.
İyunun 24-də ilk olaraq tələbələrimiz bir növ sinif konsertini təqdim etdilər. Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi konsertdən öncə səhnəyə çıxan Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətov və Boris Şukin adına Teatr İnstitutunun Rejissorluq kafedrasının müdiri, professor, Rusiyanın Xalq artisti Mixail Borisov gənclərə uğurlar arzuladılar.
Teatrda gənclərə daim yol açıldığını, istedadlara meydan verildiyini diqqətə çatdıran Azər Paşa Nemətov ölkə başçısının sərəncamı ilə imzalanan proqramdan irəli gələn məsələlərin sistemli şəkildə öz həllini tapdığını dedi. Azərbaycanlı tələbələrin Moskvada və Rusiyanın bir sıra incəsənət profilli təhsil ocaqlarında təhsil almasının da həmin proqrama uyğun olduğunu deyən Xalq artisti seçilən tələbələrin Şukin adına Teatr İnstitutunda 3-cü kursu uğurla başa vurduqlarını bildirdi. Vurğulandı ki, bugünkü konsert və sonrakı günlərdə nümayiş olunacaq iki tamaşa onların öz vətənlərində sənət hesabatıdır. Milli Dram Teatrının rəhbəri gənclərə uğurlar arzuladı.
Yüksək qonaqpərvərlik və xoş münasibətə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirən professor Mixail Borisov da üç il öncəyə qayıdaraq başladıqları yaradıcılıq yolu və bu müddət ərzində tələbələrlə aparılan işdən danışdı. 100 ildən artıq tarixə malik Şukin adına Teatr İnstitutunun dünya teatr məktəbləri arasında öncül yerdə olduğunu deyən qonaq ümidvar olduğunu bildirdi ki, Rusiyanın ən tanınmış teatr xadimlərindən, məşhur pedaqoqlardan dərs alan azərbaycanlı tələbələr səhnədə öz sözünü deyərək populyarlıq qazanacaqlar. Bu sahədə əməkdaşlığa görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edən Mixail Borisov tələbələrinin doğma səhnədə, həmvətənləri qarşısında çıxışa həyəcanla hazırlaşdıqlarını vurğuladı, tamaşaçılardan da gəncləri diqqətlə izləməyi və ola biləcək hər hansı qüsuru belə görməzdən gələrək alqışlamağı xahiş etdi.
Sonra konsert başlandı. İkihissəli konsertdə tələbələr Ramail Bayramov, Abdulla İsmayılov, Bəhruz Əliyev, Mikayıl Əliyev və başqaları müxtəlif səhnəciklər, tamaşalardan hissələr, mahnı və romansların pantomima nümayişi və s. təqdim etdilər. Tələbələrin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Ramail Bayramovun “Sarı gəlin”, Abdulla İsmayılovun mono ifaları xüsusilə alqışa səbəb oldu.
Onu da qeyd edək ki, azərbaycanlı tələbələr 25-27 iyun tarixində (saat 19.00) Akademik Milli Dram Teatrının səhnəsində “Qafqaz təbaşir dairəsi” və “Ezop” tamaşalarını da təqdim edəcəklər.
HƏMİDƏ