Kino sənətinin inkişaf etdirilməsi mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərdən biri kimi Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Son illər Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncamlar bu sahənin inkişafına münbit şərait yaradıb. Başa çatan il də kinomuz üçün uğurlu olub.
2014-cü il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Qisas almadan ölmə”, “Axırıncı dayanacaq”, “Axınla aşağı”, “Nabat” bədii filmlərini təhvil verib. Kinostudiyada həmçinin “İnikas”, “Sonuncu” və “Sirr” qısametrajlı bədii filmləri, “Tarın sədaları. Mansurovlar” və “Çempion” sənədli filmləri, “Motivlər” gənclər kinoalmanaxına daxil olan 3 ekran əsəri (“20-ci mərtəbə”, “Qonşular” və “Kədərim mənim”) istehsal olunub. Bundan əlavə, “Salnamə” studiyası “Qalibiyyət” (“Qılıncoynadan İlqar Məmmədov”), “Vətən qeyrəti” və “Dağlar qoynunda şəhər” (“Lahıc etüdləri”), “Qafqazdan Appeninə” sənədli filmlərini, “Yaddaş” studiyası “Müharibə uşaqları”, “Tarixin daş salnaməsi” (“Qafqaz Albaniyasının memarlığı”), “Aşiqi-sadiq” (“Lətif Feyzullayev”), “Çay bir aləm”, “Qobustan kölgələri” və “Sevinc bəxş edən insan” sənədli filmlərini istehsal edib. “Azanfilm” studiyasında “Ən güclü kimdir” və “Köhnə mismar” cizgi filmləri, “Debüt” studiyasında isə “Keçmişdən gələn zəng” qısametrajlı bədii filmi və “Rast. Niyazi” (“Maestro”) sənədli filmi təhvil verilib.
Ölkə başçısının sərəncamları ilə yuibileyləri qeyd edilən Əliş Ləmbəranski haqqında (“Mən Bakını sevirəm”) və Səyid Yəhya Bakuviyə həsr olunmuş “Xəlvətdə qalmış müdrik” sənədli filmləri çəkilib.
Bu il II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçirilib. Festivala 55 ölkədən 405 film təqdim olunmuşdu. Kino sahəsində daha bir layihə - II Bakı Beynəlxalq İdman Filmləri Festivalı da geniş maraq doğurdu, festivala 33 ölkədən 115 film təqdim edilmişdi.
Yeni bədii və sənədli filmlərimiz il boyu xaricdə keçirilən beynəlxalq festivallara göndərilib. May ayında keçirilən 67-ci Kann kinofestivalında Azərbaycan pavilyonu təşkil olunub. Kino tariximizdə ilk dəfə “Sonuncu” bədii filmi Kann festivalının əsas müsabiqə proqramlarından olan “Qısa metr” proqramında, “Ayrı” bədii filmi isə “Rejissor həftəliyi” proqramında nümayiş olunub. Bundan əlavə, “Nabat”, “Sonuncu”, “Axınla aşağı” və s. filmlərimiz il ərzində Kann, Karlovı Varı, Çikaqo, London, İzmir - ümumilikldə 30-dan çox beynəlxalq kinofestivalda uğurla iştirak edib.
Bu il Nizami Kino Mərkəzində “Mən evə qayıdıram”, “Qisas almadan ölmə”, “Axınla aşağı” bədii filmlərinin, “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” sənədli filminin, “Məryəm” (“Sirr”) bədii-sənədli filminin, respublikanın regionlarında “Milli Qəhrəmanlar” silsiləsindən çəkilən sənədli filmlərin təqdimatları keçirilib.