UNESCO-nun “Dünya irsi” jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi buraxılışı işıq üzü görüb. Jurnalın bu nömrəsi 30 iyun – 10 iyulda Bakıda təşkil ediləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində Azərbaycanın qurumun siyahılarına daxil edilmiş mədəni irs nümunələrindən, eləcə də ölkəmizin görməli yerlərindən bəhs olunur.
Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO-nun baş direktoru Odri Azuleyin, UNESCO Dünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin müraciətləri yer alıb. Onlar Azərbaycanın coğrafiyasından, multikultural ölkə olmasından, UNESCO ilə sıx əlaqələrindən bəhs ediblər. Həmçinin ölkəmizin Dünya İrs Komitəsinə üzvlüyü dövründə təşkilatla sıx əməkdaşlığı haqqında məlumat verilir, Azərbaycanın mədəni müxtəliflik sahəsinə verdiyi töhfələrdən söz açılır. Jurnalın oxucuları ölkəmizin qurumun irs siyahısına daxil olan nominasiyalarına dair ətraflı məlumatlandırılıblar. Müraciətin sonunda jurnalın bu nüsxəsinin insanları ölkəmizin tarixi və mədəni zənginliyi ilə tanış olmağa sövq edəcəyi vurğulanıb.
“Dünya irsi Azərbaycanda” xüsusi buraxılışında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da oxuculara xüsusi müraciətləri dərc olunub. Müraciətlərdə ölkəmizin coğrafiyası, tarixi, mədəniyyət zənginliyindən söz açılıb.
Jurnalda ölkəmizdə mədəni irsin qorunub saxlanılması istiqamətində görülmüş tədbirlər və bu sahədə əldə olunan uğurlar haqqında da məlumat verilir.
Qeyd edək ki, jurnal Bakıda təşkil ediləcək UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən gələn iştirakçılara paylanacaq.