Yanvarın 2-də ABŞ-ın Los Anceles şəhərində 26-cı “Palm Springs” beynəlxalq film festivalı (Palm Springs International Film Festival) başlayıb. Festivalda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” bədii filmi də iştirak edir.

Rejissor Elçin Musaoğlunun filmi festivalın “Award Buzz” proqramında yer alıb. “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, “Nabat” bədii filminin təqdimatı əvvəlcə Los Anceles şəhərinin “Palm Springs Regal” kinoteatrında, sonra isə “Palm Canyon Theatre” kinoteatrında keçirilib. Bu, “Nabat”ın artıq 12-ci beynəlxalq festivalda iştirakı və ABŞ-da ikinci nümayişidir.
26-cı “Palm Springs” beynəlxalq film festivalı yanvarın 12-dək davam edəcək. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, bəstəkarı Hamed Sabet (İran), quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.