Mədəniyyət nazirinin müavini Rafiq Bayramov iyunun 27-də Hindistanın nümayəndə heyəti ilə görüşüb. Hindistanın iri korporasiyalarını birləşdirən Global Korporativ Xidmətlər Assosiasiyası (GACS) təşkilatının rəhbərlərinin daxil olduğu nümayəndə heyəti ilə görüşdə Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev də iştirak edib.
Nazir müavini Rafiq Bayramov nümayəndə heyətini salamlayaraq qədim tarixi köklərə dayanan Azərbaycan-Hindistan əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, qarşılıqlı mədəni tədbirlərin və layihələrin həyata keçirilməsində hər iki ölkənin maraqlı olduğunu deyib. Bildirilib ki, Azərbaycan müxtəlif mədəniyyət elementlərini özündə birləşdirən multikultural ölkədir və bu baxımdan Hindistanla oxşar xüsusiyyətlərə malikdir. Azərbaycanda son dövrlərdə mədəniyyət və turizm sahələrində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatlardan danışan nazir müavini bu yeniliklərin ölkə iqtisadiyyatına və xarici ölkələrlə əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.
Nazir müavini Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin açılmasından, özəl sektor sahəsində əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, xüsusilə kino industriyası üzrə Hindistanın zəngin təcrübəyə malik olması və bu sahədə iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın inkişafına böyük töhfə ola bilər.
Hindistan nümayəndə heyətinin üzvləri də Azərbaycanla mədəniyyət sahəsində birgə layihələrin reallaşmasında maraqlı olduqlarını ifadə ediblər. Rafiq Bayramov əməkdaşlıq üçün geniş imkanların olduğunu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə lazımi təşkilati dəstəyin göstəriləcəyini bildirib.
Görüşün sonunda qonaqlara Azərbaycan mədəniyyəti haqqında bələdçi kitabları hədiyyə edilib.