İyulun 2-də günün ikinci yarısında UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası növbəti plenar iclasında müzakirələr davam etdirildi. İlk müzakirədə Tanzaniyada su elektrik stansiyasının tikilməsi ilə əlaqədar ekoloji mühit üçün yaranacaq ciddi problemlərdən söz açıldı. Bildirildi ki, stansiyanın tikildiyi ərazidə 491 min hektar ərazidə ekoloji vəziyyət pisləşəcək.

Mövzu ətrafında İspaniya, Braziliya, Qvatemala, Kuba, Uqanda, Avstraliya, Qırğızıstan, Zimbabve və Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İCUN) nümayəndələri çıxış edərək öz fikirlərini bildirdilər.

Tanzaniya nümayəndə heyəti də çıxış edərək elektrik enerjisi hasilatının ölkənin strateji məsələsi olduğunun da nəzərə alınmasını bildirdi. Məsələ ilə bağlı qəbul ediləcək qərar bənd-bənd müzakirə edildi.

Keniyadakı Turkana gölünə dair qərar xüsusi müzakirə obyektinə çevrilmədi. Sonrakı müzakirə isə Liviyadakı antik Qadames şəhəri ilə bağlı idi. Liviya nümayəndəsi ölkəsi tərəfindən dağılmaq təhlükəsi ilə üzləşmiş Qadamesdə xeyli konservasiya işləri görüldüyü üçün bu şəhərin təhlükə ilə üzləşən abidələr siyahısından çıxarılmasını təklif etmişdi. Tunis nümayəndəsi də bu ölkədə siyasi qarşıdurmadan sonra Qadames şəhərində vəziyyətin yaxşılaşdığını təsdiqlədi. Küveyt təmsilçisi isə bildirdi ki, Liviya hökuməti UNESCO ekspertlərinin Qadamesə səfərini təmin etsin.

Növbəti məsələ İsa peyğəmbərin doğulduğu məkan kimi tanınan Betlehem kilsəsinin (Fələstin) təhlükə gözləyən abidələr siyahısından çıxarılması ilə bağlı oldu. Qeyd edildi ki, Dünya İrs Komitəsinin 39-cu sessiyasında dağılmaqda olan dini abidə kimi siyahıya salınan həmin memarlıq abidəsi artıq bərpa edilib. Çıxışçılar Fələstini bu nailiyyət münasibətilə təbrik etdilər. Kilsənin təhlükə ilə üzləşən abidələr siyahısından çıxarılması ilə bağlı qərar yekdilliklə qəbul edildi.

GÜLCAHAN