İyulun 1-də Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ilə görüşdü.
Qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edən Əbülfəs Qarayev Azərbaycanın mədəni irsi haqqında məlumat verdi. Bildirdi ki, mədəni sərvətlərimizin qorunması və bərpası ölkə başçısının diqqət mərkəzindədir və bu istiqamətdə dövlət səviyyəsində fəal iş aparılır. Həmçinin bu sahədə beynəlxalq əməkdaşlığa da böyük önəm veririk.
Nazir həmçinin qədim Qəbələ şəhərinin öyrənilməsi məqsədilə koreyalı mütəxəssislərlə birgə tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırdı.
Byonq-Hyun Li ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını dedi, buna görə Azərbaycan hökumətinə öz minnətdarlığını ifadə etdi: “Azərbaycanı dünyada daha çox neft və qaz ölkəsi kimi tanısalar da, ölkəniz həm də zəngin mədəni irsə sahib imiş. Biz burada olduğumuz müddətdə bu zənginliyin əyani şahidi olduq”.
Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri də yüksək qiymətləndirdi.