85 illik ömür yolu ikisaatlıq kinolentdə

Yanvarın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimatı keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

İkihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabı əsasında çəkilib. Ssenari müəllifi Eldar İsgəndərzadə olan ekran əsəri ARDNŞ-in sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib.
Xəzər dənizində neft-qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş görkəmli alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayətdir. “Fədakar” filmində adlı-sanlı neftçinin ömrünün maraqlı anları, həyat yolu xronoloji ardıcıllıqla təqdim edilir. Film Neft Daşlarında, Bakı şəhərinin ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.
Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur. Obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırıblar.
Bakının qədim kəndlərindən olan Pirşağıda, anasının ad günündə dünyaya göz açan Xoşbəxt Yusifzadənin ömür yoluna işıq salan bu ekran əsərində o dövrün ab-havası da öz əksini tapıb. Xoşbəxt dünyanı dərk edib özünü tanıyanda atası repressiya olunub. O, atasını itirsə də, özünü itirməyib, gecəsini gündüzünə qataraq oxuyub, öyrənib. Anasının min bir əziyyətlə saxladığı bu ailə ayaqda durmağı bacarıb. Xoşbəxt özünü hər zaman doğulduğu torpağa, yaşadığı məmləkətə, mənsub olduğu millətə borclu bilib.
Tamaşaçı filmə baxdıqca fədakar bir insanın ömür kitabını vərəqləmiş olur. Burada öyrəniləsi çox şey var. Ən əsas düz yaşamaq, halallığa bağlı olmaq, ucaldıqca, şöhrətləndikcə sadələşmək, təkəbbürdən uzaq olmaq, seçdiyin peşəni dəyərə mindirmək, ən əsası isə daşıdığın adın mənasını həyatda tapmaq - xoşbəxt olmaq.
Filmə baxarkən bir daha əmin olursan ki, insanın bütün uğurlarının mayasında çəkdiyi zəhmət dayanır.
Filmdə görkəmli geoloq alimin neft sənayesinin inkişafına verdiyi töhfələr bir daha diqqətə çatdırılır. Ekran əsərində həm də Azərbaycan kişisinin böyük obrazı canlandırılıb.
Maraqla qarşılanan filmin təqdimatından sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bir daha Xoşbəxt Yusifzadəni təbrik edərək ona uzun ömür, cansağlığı arzulayıb. Filmin yaradıcı heyətinə ARDNŞ-in fəxri fərmanları təqdim edilib.
Daha sonra çıxış edən Xoşbəxt Yusifzadə yaradıcı heyətin işini yüksək qiymətləndirib. O qeyd edib ki, 2 saatlıq film böyük bacarıq və zəhmətin bəhrəsidir: “Onlar bu filmdə Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olublar”.
Sonda iştirakçılara filmin diski təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar