Yaponiyanın NHK telekanalı UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası barədə məlumat yayıb. Məlumatda vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra UNESCO ilə sıx əməkdaşlıq qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verir.
Bildirilib ki, iyulun 10-dək davam edəcək sessiya zamanı müxtəlif ölkələrin Dünya irsi siyahısı ilə bağlı 36 müraciətinə baxılacaq. Onların arasında Yaponiyanın Osaka prefekturasındakı Mozu-Furuiçi qədim qəbiristanlıq təpələrinin daxil edilməsi ilə bağlı müraciət də var. Eramızın IV əsrinin sonundan V əsrinin sonunadək yaradılan bu kurqanlar beynəlxalq ekspertlər qrupu tərəfindən UNESCO-nun Dünya irsi siyahısına daxil edilmək üçün tövsiyə olunub.
Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək inşa edilən 49 kurqandan ibarətdir. Bunların 23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı Furuiçi rayonunda yerləşir. Mozu vilayətinin kurqanları arasında İmperator Nintokunun 486 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük kurqan hesab edilir.