Teatr-konsert müəssisələri artıq mövsümü başa vurmaq üzrədirlər. İl ərzində əldə etdikləri nailiyyətlərin, festival və qastrollarda iştiraklarının hesabatını verən teatr müəssisələrindən biri də Dövlət Akademik Musiqili Teatrı oldu.

İyulun 4-də teatrın foyesində təşkil olunan tədbir sənət ocağının 109-cu mövsümünün yekunlarına həsr olunmuşdu. Tədbirdə əldə olunan nailiyyətlərə nəzər salındı, mükafatlar təqdim olundu.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev hər kəsi salamlayaraq bildirdi ki, yaradıcı heyətin yeni tamaşaları, qastrol və festivallarda iştirakı sayəsində sənət ocağı bu mövsümü də məhsuldar başa vurmaqdadır. Qeyd etdi ki, teatr üçün əlamətdar hadisə isə ümumilikdə kollektivin böyük sevincinə səbəb olan akademik teatr statusu almasıdır.

İl ərzində təqdim olunan tamaşalar barədə ətraflı məlumat verən direktor səmərəli fəaliyyətinə görə seçilən əməkdaşları elan etdi. Qeyd etdi ki, xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilənlərin mövsümün sonunda mükafatlandırılması Musiqili teatrda artıq ənənəyə çevrilib. Bu dəfə də müxtəlif nominasiyalar üzrə xüsusi mükafatların veriləcəyini deyən Ə.Lalayev təltif edilənlərə qarşıdakı mövsümdə də belə əzmlə çalışmağı arzu etdi.

“Mövsümün ən yaxşı texniki işçisi” Aynişan Məmmədova, “Mövsümün ən işgüzar əməkdaşı” Sücəddin Sadiyev, “Mövsümün ən yaxşı uşaq roluna görə” Rahib Məmmədzadə və Atilla Məmmədov, “Mövsümün ən yaxşı uşaq tamaşasında roluna görə” isə Zaur Əliyev mükafatlandırıldılar.

Bunlarla yanaşı “Mövsümün ən yaxşı musiqiçisi” kimi Atabəy İsmayılov, “Mövsümün ən yaxşı xor artisti” olaraq Murad Əliyev, “Mövsümün ən yaxşı balet artisti” nominasiyasında isə Mələkxanım Səfərova fərqləndirildi.

Teatrın beynəlxalq festival və qastrollarda uğurla təmsil olunmasına görə Əməkdar artist Nərgiz Kərimova, “Mövsümün perspektivli aktrisası” kimi isə Eleonora Mustafayeva seçildilər. Gənc aktyor İbrahim Əlizadə “Mövsümün perspektivli aktyoru” mükafatını aldı.

Teatrın direktoru “Mövsümün yubileyi” nominasiyasının da müəyyən edildiyini və bu mükafata Xalq artisti, professor İlham Namiq Kamalın layiq görüldüyünü dedi, aktyoru səhnəyə dəvət edərək onu 70 illik yubileyi münasibətilə təbrik etdi. Mövsümün məhsuldar aktyor və aktrisası kimi seçilən Fərid Rzayev və Gülnarə Əzizova da mükafatlarını aldılar. Sıra “Mövsümün sevilən tamaşası”na gəlincə “Toya bir gün qalmış”ın quruluş müəllifi, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov mükafatlandırıldı. Mövsümün sevilən aktyorları kimi də gənc nəslin nümayəndələri – Əmrah Dadaşov (Azərbaycan bölməsi) və Emil Heydərov (rus bölməsi) elan olundular.

Mərasimdə həmçinin Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin sənətkarın xatirəsini yaşatmaq üçün təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olundu. Bu mükafata mövsümün ən yaxşı tamaşası kimi “Balaca Şahzadə”nin quruluş müəllifi,  Xalq artisti Cənnət Səlimova və həmin tamaşanın bədii tərtibatına görə gənc rəssam Məryəm Ələkbərli layiq görüldü.

Sonda “Mövsümün sevilən aktrisası”nı elan edən teatrın direktoru mükafata Xalq artisti Afaq Bəşirqızının layiq görüldüyünü dedi.

Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov da çıxış edərək teatr təmsilçilərinə uğurlar arzuladı. O, rəhbəri olduğu ittifaq tərəfindən yaradıcılıq fəaliyyətlərinə görə seçilən teatr aktyorlarına – Məhərrəm Qurbanov, Hüseyn Əlili, Əliməmməd Novruzov və Ruslan Mürsəlova fəxri fərmanlar təqdim etdi. ATXİ-nin sədri həmçinin Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi “Sənətkar medalı” ilə təltif etdi.

Mükafatlandırma mərasimi tamaşalardan parçalar, rəngarəng mahnı və rəqslərlə davam etdi.

HƏMİDƏ