İyulun 3-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikası Baş nazirinin müavini Gülşarə Abdıkalıkova ilə görüşdü.

Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti və bu istiqamətdə dövlətin əsas prioritetləri haqqında məlumat verdi. Azərbaycanın mədəni irsinin qorunması, təbliği sahəsində gerçəkləşdirilən tədbirlərin önəmi qeyd edildi.

İki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğuladı. Mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi diqqətə çatdırıldı.

Əbülfəs Qarayev Qazaxıstan tərəfini bu ilin noyabr ayında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı ilə birgə keçiriləcək tədbirdə fəal iştiraka dəvət etdi.

Gülşarə Abdıkalıkova Azərbaycanın Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. O, Qazaxıstan ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESCO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirdi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Mədəniyyət naziri Əbülfəs Qarayevin iyulun 3-də Kamboca Krallığının Mədəniyyət və İncəsənət naziri Phoeurng Sackona ilə görüşündə iki ölkə arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparıldı, bu sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı.

Kambocalı nazir Dünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.

Qonaq həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirdi, səfər müddətində bir sıra tarixi-mədəni məkanları ziyarət etdiyini söylədi.