Azərbaycan beynəlxalq səviyyədə dünya irsinin qorunmasına mühüm dəstək verir.

Bu sözləri Afrika Dünya İrsi Fondunun icraçı direktoru Souayibo Varissou deyib.

Bakı sessiyasının yüksək səviyyədə təşkil olunduğunu söyləyən qonaq bildirib ki, bu, digər ölkələr üçün də örnəkdir. Souayibo Varissou Afrika qitəsindən olan ölkələrin bu sessiyada geniş tərkibdə təmsil olunmasına və onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.

Dünya irsi siyahısında təhlükədə olan mədəni irs abidələrinin əksəriyyətinin Afrikanın payına düşdüyünü deyən qonaq qeyd edib ki, bunların arasında dünya əhəmiyyətli tarixi memarlıq abidələri var. Bu abidələrin yaxşı mühafizə edilməməsinin səbəbi isə lazımi infrastrukturun olmamasıdır.

***

Belə tədbirlər Azərbaycanın nailiyyətlərini təşviq etmək baxımından da yaxşı vasitədir. İnanıram ki, bu tədbirdən sonra hər bir nümayəndə öz ölkəsinə xoş təəssüratlarla qayıdacaq. Tədbirin iştirakçıları ölkənizin təkcə neft və qaza deyil, həmçinin zəngin tarixi irsə sahib olduğunun şahidi olurlar. Bir tarixçi kimi deyə bilərəm ki, Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir.

Bu fikirləri Litvanın UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri İrena Vaisvilayte deyib.

Litva ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu söyləyən qonaq belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, 25 il əvvəl Azərbaycanda olduğunu və ötən müddət ərzində ölkənin çox dəyişdiyini və inkişaf etdiyini vurğulayıb.

Qonaq sessiya çərçivəsində Azərbaycan Xalça Muzeyində təşkil edilən tədbirdə iştirak etdiyini və xalqımızın qədim xalçaçılıq sənətinin onda böyük maraq doğurduğunu söyləyib.