Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən yüksək vəzifəli qonaqlar arasında Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də var. Xatırladaq ki, Bəhreyn ötən il Dünya İrs Komitəsinin 42-ci sessiyasına ev sahibliyi edib və növbəti sessiyanın Bakıda keçirilməsinə dair qərar orada qəbul olunub.
43-cü sessiyanın Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini deyib. Bu barədə Bəhreyn televiziyasına müsahibəsində bildirən qonaq ölkəmizin bu mötəbər tədbirə çox yüksək səviyyədə hazırlaşdığını vurğulayıb: “Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək”.
Bəhreynli nazir Dünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır. “Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, münaqişələr, təəssüf ki, bəzən minilliklərin mədəni mirasını məhv olma təhlükəsi ilə üz-üzə qoyur. Ona görə də UNESCO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından mühüm qərarların qəbul ediləcəyinə inanıram”, - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə bildirib.
Qeyd edək ki, Bəhreyn televiziyasının qrupu sessiyanın gedişini izləməklə yanaşı, paytaxtımızın tarixi-mədəni məkanlarında da çəkilişlər aparır.