Azərbaycan aşıq sənətini müasir dövrdə yaşadan, bu ulu mirasın gələcək nəsillərə ərməğan edilməsində böyük əmək sərf edən sənətkarlar heç vaxt unudulmur. Əməkdar mədəniyyət işçisi, ustad aşıq mərhum İsfəndiyar Rüstəmov Qorqud yadigarı olan bu sənətin həqiqi cəfakeşlərindən idi.

İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə ozan-aşıq sənətinin çox geniş yayıldığı Gədəbəy rayonunda dünyaya göz açıb. Erkən çağlardan aşıq sənətinə maraq göstərir, könlünü saza-sözə verir. İlk ustadı da atası olur. El-obanın tanınmış aşıqlarının apardığı məclislərdə iştirak edərək bu sənətin sirlərinə dərindən yiyələnir.

Ömrünün 60 ildən çoxunu aşıq sənətinin inkişafına və təbliğinə həsr edən İ.Rüstəmov 1964-cü ildə Gədəbəydə gənc aşıqlardan ibarət ansambl yaradır. Uzun müddət bu kollektivə və Azərbaycan Aşıqlar Birliyinin Gədəbəy şöbəsinə rəhbərlik edir. Onun rəhbərliyi altında Gədəbəy rayon Mədəniyyət evinin “Aşıqlar” ansamblı bu sənətin inkişafı və təbliği sahəsində böyük uğurlar qazanır. Bu ansambl 1972-ci ildə Bakıda aşıqlığın uca adlarından Dədə Ələsgərin anadan olmasının 150 illik yubiley tədbirinə qatılaraq ifaları ilə ustadın ruhuna ehtiramını bildirir. Xatirə gecəsində uğurlu çıxışına görə ansambl Aşıq Ələsgərin yubiley medalına layiq görülür.

“Aşıqlar” ansamblı 1975-77-ci illərdə keçirilən Ümumittifaq festivalında da uğurlu çıxışlar edir. 9 nəfərlik kollektivin hər bir üzvü qızıl medalla mükafatlandırılır. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə qızıl medalla yanaşı, birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilir.

Ümumiyyətlə, İ.Rüstəmov dəfələrlə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olub. Moskvada keçirilən “Göy qurşağı” festivalı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin açılış mərasimi, Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü, Dərbənddə gerçəkləşən “Narınqala” aşıq musiqisi festivalı, Türkiyə, İran və digər ölkələrdəki folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

Görkəmli sənətkar 2002-ci və 2004-cü illərdə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən gənc aşıqların I və II respublika müsabiqələrində münsiflər heyətinin sədri, 2003-cü və 2005-ci illərdə təşkil olunan milli musiqi alətləri ifaçılarının I və II respublika müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Məlum olduğu kimi, ulu öndər Heydər Əliyev aşıq sənətinə istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə qayğı ilə yanaşıb. Təsadüfi deyil ki, 1983-cü ildə bir çox sənət adamları kimi Aşıq İsfəndiyar da ümummilli liderin qayğısı ilə əhatə olunub. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında uğurlu çıxışına görə aşığın rəhbərlik etdiyi ansambl “Xalq aşığı ansamblı” adlandırılıb.

İ.Rüstəmovun bu qədim sənətin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Ustad aşığın həyat və yaradıcılığı 2007-ci ildə çap olunmuş “Baş sarıtel” kitabında öz dolğunluğu ilə əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən sənətkar Aşıqlar Birliyi İdarə heyətinin üzvü olub. İsfəndiyar Rüstəmov 9 fevral 2018-ci ildə  vəfat edib.

Savalan FƏRƏCOV