“Dünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul etdi. Bu gün Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayı UNESCO-nun Dünya irs siyahısına salındı”.
Bu sözləri iyulun 7-də Dünya İrs Komitəsinin 43-cü sessiyasında Şəki ilə bağlı qərar qəbul olunandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu proses asan başa gəlməyib. “Altı ildir ki, Azərbaycandan ekspertlər bu faylı hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmamışdı. Lakin Azərbaycanın gətirdiyi sübutlar və cənab Prezidentin məsələ ilə bağlı imzaladığı sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynadı”.
Əbülfəs Qarayev Azərbaycanın UNESCO ilə əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolunu da vurğulayıb və ona təşəkkürünü bildirib.
Nazir Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayının UNESCO-nun Dünya irs siyahısına salınması münasibətilə Azərbaycan xalqını təbrik edib: “Xalqımızın mədəni irs tarixində bu, fövqəladə hadisədir”.