“China Daily” qəzeti Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının iyulun 7-də keçirilən iclasında Azərbaycanın Şəki şəhərinin tarixi mərkəzinin Dünya irs siyahısına daxil edilməsi barədə xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Şəki şəhəri tarixi ticarət yollarının üzərində qərar tutub. Şəkidəki tarixi abidələrin tikintisində Səfəvilər və Qacarlar dövlətlərinin, habelə Rusiya imperiyası dövrünə aid memarlıq ənənələrindən bəhrələniblər.
Bildirilir ki, Şəkidəki tarixi abidələrin ən məşhurlarından olan Xan sarayının və karvansaraların inşası XVIII əsrdə şəhərdə ipəkçiliyin və ipək ticarətinin çiçəkləndiyi dövrlərə təsadüf edir.
Qeyd edək ki, 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə Çində deyil, dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. AZƏRTAC ilə “China Daily” qəzeti arasında əməkdaşlıq memorandumuna əsasən iki media orqanı informasiya mübadiləsi edir.