İyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100 ili tamam olub. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

1922-ci il dekabrın 30-da SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin müvafiq əmri ilə, Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi. Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.

1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən diplomatiya tariximizin yeni dövrü başlandı. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, daxili sabitliyin bərqərar olunması ilə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlərində yeni səhifələr açıldı.

Ulu öndərin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir.

Hazırda Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir.

***

İyulun 8-də ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib.

Xarici işlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev tədbiri açaraq qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıb. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb. Ulu öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb.

Konfrans çərçivəsində “Azərbaycanın xarici siyasəti: XX əsrdə tarixi inkişaf” və “Müasir Azərbaycan və xarici siyasət prioritetləri” mövzularında panellərdə çıxış və məruzələr dinlənilib.