İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (İRCİCA) və AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” 2-ci Beynəlxalq simpoziumu keçiriləcək.

Simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin araşdırılmasıdır. Beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir və Səudiyyə Ərəbistanının universitetlərində Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim və ekspertlər məruzələrlə çıxış edəcəklər.

Simpoziumda “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” və s. panellərdə 100-dək məruzə dinləniləcək.