Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nabat" filmi Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatına layiq görülüb. Mükafat C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub. Film festivalın əsas müsabiqə proqramında nümayiş olunub.
“Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet (İran), icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Əsas rollarda Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları çəkiliblər.