Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair-jurnalist Müzəffər Məlikməmmədovun 70 illiyinə həsr edilmiş ləzgi musiqi və poeziya gecəsi keçirilib.
Azərbaycanın ləzgi ictimaiyyətinin tanınmış nümayəndələri – “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, “Samur” Milli Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev, general-leytenant Yaşar Aydəmirov və başqaları yubilyarı təbrik ediblər. Çıxış edənlər yubilyarın həyat yolu və yaradıcılıq axtarışları barədə danışıblar.
Müzəffər Məlikməmmədov öz şeirlərini oxuyub, kitablarını tədbir iştirakçılarına hədiyyə edib. “Suvar” ansamblının solistləri və rəqqaslar öz məharətlərini nümayiş etdiriblər.
Sonda yubilyar tədbir iştirakçılarına minnətdarlığını bildirərək qeyd edib ki, ləzgi poeziyasının inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcək, oxucuları yeni yaradıcılıq uğurları ilə sevindirməyə çalışacaq.