İyulun 10-da Ağcabədi şəhərində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Ağcabədi Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminar keçirilib.
Tarix-diyarşünaslıq muzeyində keçirilmiş tədbirdə “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri iştirak edib.
Regional idarənin rəisi Rza Quliyev çıxış edərək mövzunun aktuallığını diqqətə çatdırıb. Qeyd edib ki, mədəniyyət müəssisələri, o cümlədən kitabxanalar bu mövzuda maarifləndirici tədbirlər və aksiyalar keçirir.
MEMİM-in elmi katibi Cavid Əliyev Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən görülən və görüləcək işlərdən bəhs edib.
Mərkəzin əməkdaşlarından Ceyhun Əhmədov, Elnur Hacıbabayev, Rəfiqə Nəsirova məruzələrlə çıxış ediblər.
Məsələ ilə bağlı metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat xarakterli tamaşaların hazırlanmasına dair təkliflər səsləndirilib. Mövzu ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
Seminarın fəal iştirakçılarına sertifikatlar təqdim olunub.