Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümə yekun vurdu. Teatrın son illər yaranmış ənənəsinə görə, kollektiv iyulun 11-də mövsümsonu tədbirini dost görüşünə, musiqili-hədiyyəli-mükafatlı məclisə çevirdi.

Tədbir teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başladı.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə səhnəyə çıxaraq 2018-2019-cu teatr mövsümündə qazandıqları nailiyyətlərdən, festivallarda iştirakdan danışdı. Mövsüm ərzində teatrın iki əməkdaşının fəxri ada, iki nəfərin Prezident mükafatına layiq görüldüyünü dedi. Teatr və konsert müəssisələrində çalışanların əməkhaqqının artırıldığına, teatra göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.

Kukla teatrının binasında öz fəaliyyətini davam etdirən Yuğ Dövlət Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə də salona toplaşanları uğurlu bir mövsümün başa çatması münasibətilə təbrik etdi.

Sonra mövsümün yekunu olaraq bədii şuranın qərarı ilə fərqlənənlərə fəxri fərman və mükafatlar təqdim edildi.

Xalq artisti İlham Namiq Kamal “Bizim Don Kixot” tamaşasındakı iştirakına görə “Teatrla uğurlu yaradıcılıq əməkdaşlığına görə” fəxri fərmanla, Əməkdar artist, rejissor Loğman Kərimov “Teatrın dostu” mükafatı ilə təltif edildi.

Teatrın bu mövsümdə fərqlənmiş 7 əməkdaşı, “Oyuq” teatr-studiyasının 11 üzvü də fəxri fərmanla mükafatlandırıldı. Araz Həsənov ilin ən zəhmətkeş aktyoru, Aygül Ağayeva və Cavid İbrahimov isə ilin ən sevilən aktrisası və aktyoru kimi fərqləndirildilər.

Mahnılarla süslü tədbirdə teatrın həmkarlar ittifaqı komitəsinin kollektivin bir sıra üzvlərinə fəxri fərmanı təqdim edildi.

Kukla teatrı bir neçə ildir ki, 22 iyul - Milli Mətbuat Günü ərəfəsinə təsadüf edən mövsümsonu tədbirində teatrla sıx əməkdaşlıq edən, kollektivin yaradıcı fəaliyyətini işıqlandıran mətbuat işçilərini də təltif edir. Sənət ocağı bu il də ənənəsinə sadiq qaldı. Kütləvi informasiya vasitələrində çalışan 17 nəfər “Teatrın dostu” mükafatına layiq görüldü. “Mədəniyyət” qəzetinin əməkdaşı Gülcahan Mirməmməd də onların arasındadır. Həmkarlarımızı təbrik edirik!