İyulun 15-də Şəmkir şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqin ikinci mərhələsi keçirilib.
“Muzey əşyalarının daimi mühafizə portalı”nın yenilənmiş proqram təminatı “AdZone” şirkəti tərəfindən hazırlanıb. Bununla əlaqədar, şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərin əməkdaşları üçün yeni proqram təminatının izah edilməsi məqsədilə regional təqdimat-treninqlər keçirilir.
20-21 iyun tarixində Qəbələ şəhərində təşkil olunan ilk treninqdə İsmayıllı, Şəki, Kürdəmir, Sumqayıt və Xaçmaz regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorları iştirak etmişdi.
Növbəti treninq 15-16 iyul tarixində Şəmkir şəhərində təşkil edilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, şöbənin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasov, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyibli, “AdZone” şirkətinin əməkdaşları iştirak ediblər. Treninqə Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorları qatılıb.
Treninq zamanı portalın proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunub, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib.
Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verir və gələcəkdə onun digər məlumat bazaları və portallarla inteqrasiya olunması nəzərdə tutulur.