Türkiyəli rejissor Hacı Zeynalabdin Tağıyev haqqında film çəkmək istəyir

Fevralın 4-də “28 Cinema” kinoteatrında məşhur türk müğənnisi və rejissoru Mahsun Kırmızıgülün “Möcüzə” filminin qala-gecəsi keçirilib. Təqdimatda Mahsun Kırmızıgül və baş rolun ifaçılarından Ali Sürmeli iştirak edib.

Nümayişdən öncə keçirilən mətbuat konfransında Mahsun Kırmızıgül filmin ssenarisinin 1980-ci illərdə yaşanmış gerçək həyat hekayəsindən götürüldüyünü bildirib. Filmdə bir sıra sosial mesajların olduğunu diqqətə çatdıran rejissor ekran əsərinin bu günədək çəkdiyi filmlər içərisində daha çox izlənildiyini söyləyib: “Filmlərimdə ölkəmin gerçək insanlarını və səmimi hekayələri çəkirəm və xalqın problemlərini əks etdirməyi sevirəm. “Möcüzə” filmi eyni zamanda bütün insanlara ümid aşılayır. Sevginin nə qədər önəmli olduğunu vurğulayır”.
M.Kırmızıgül jurnalistlərin sualına cavab olaraq qeyd edib ki, əgər bir gün Azərbaycanda bir film çəkəsi olsa, bu, milyonçu Hacı Zeynalabdin Tağıyevin həyatı haqqında film olacaq. Bu, dünya klassikası arasında yer ala biləcək bir həyat hekayəsidir.
Musiqidən uzaqlaşan M.Kırmızıgül film çəkməyin albom hazırlamağa nisbətən daha çətin olduğunu deyib. Bildirib ki, musiqi ilə bağlı layihələri var və bunu həyata keçirmək üçün vaxt lazımdır.
Sonra “Möcüzə” filmi nümayiş olunub. Ölkədə hərbi çevrilişin insanların həyatına necə təsir etməsini göstərən film Egey bölgəsindən Anadoluya sürgün edilən bir müəllimin həyatından bəhs edir. Ekran əsərində rolları Mahsun Kırmızıgül, Talat Bulut, Mert Turak, Seda Tosun, Meral Çetinkaya, Ali Sürmeli və digərləri oynayıb.