İyulun 21-dən 27-dək davam edəcək festivala 50 ölkədən 4 minə yaxın iştirakçı gələcək

Son illər ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq festival və idman yarışlarının sırasına daha biri əlavə olunur. İyulun 21-də Azərbaycan paytaxtında Avropa Gənclər Yay Olimpiya Festivalı başlanır. Bu tədbirin özəlliyi onun formatında – gənclərin idman yarışlarının festival şəklində keçirilməsindədir.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi Bakı Kristal Zalında gerçəkləşəcək, yarışları isə paytaxtın müxtəlif idman komplekslərində təşkil olunacaq.

Avropa Gənclər Yay Olimpiya Festivalı ilk dəfə 1991-ci ildə Belçika Krallığının paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə Avropa Olimpiya Komitələrinə üzv olan dövlətlərin iştirakı ilə reallaşan festivalın XV yarışları Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 50 ölkədən 4 minə yaxın idmançı və texniki heyət gələcək. Yığmamız yarışlarda 122 atletlə təmsil olunacaq. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Xatırladaq ki, festivalın Bakıda layiqincə, yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb.

Festivalın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun bildirdiyinə görə, ölkəmizdə keçirilən I Avropa Oyunları (2015) və IV İslam Həmrəyliyi Oyunlarından (2017) fərqli olaraq, bu dəfə daha sadə və daha kiçik tutumlu stadionlara üstünlük verilib. İdmançılar 14-18 yaşlarında olan atletlərdir.

Açılış və bağlanış mərasimləri üçün biletlərin qiyməti 15 manat təşkil edir. Oyunlara giriş isə pulsuzdur. Yarışları izləmək istəyən şəxslər yalnız şəxsiyyət vəsiqəsi ilə bilet satılan köşklərə yaxınlaşıb pulsuz bilet əldə edə bilərlər. Bir tamaşaçı pulsuz ən çox dörd bilet ala bilər. Stadionlara biletsiz gələn şəxslər içəri buraxılmayacaq. Hazırda biletlərin 60-62 faizi satılıb.

Korporativ direktorun sözlərinə görə, yarışları işıqlandırmaq üçün 200-dən artıq əcnəbi jurnalist akkreditasiyadan keçib. Yarışların yayım hüququ Azərbaycan Televiziyasına aiddir.

Müxtəlif dövlət qurumları, o cümlədən Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət, Təhsil və s. nazirliklər, AZAL, festivalın uğurla reallaşması üçün Əməliyyat Komitəsi ilə əməkdaşlıq edir.

Qeyd edək ki, 21-27 iyul tarixində keçiriləcək festival zamanı 12 idman obyektində 3500-dən çox könüllü fəaliyyət göstərəcək. Eyni zamanda onlar şəhərin müxtəlif yerlərində təbliğat və yardım işlərini həyata keçirəcəklər.

Festivalın rəmzi talismanları olan “Cırtdan” və “Bəbir”i şəhərin müxtəlif yerlərində görmək mümkündür. Bu personajlar paytaxtın park və mərkəzi küçələrində sakinlərlə görüşür, xüsusilə balacaların istirahətinin səmərəli təşkilində yaxından iştirak edirlər.