Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
“Bakı Mədəniyyətlərarası Gənclər Forumu: dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib. İyulun 17-də “Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilən sessiyada ölkəmizin bu sahədə təcrübəsindən ətraflı bəhs edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov bildirib ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi göstərilir və eyni zamanda öyrənilir.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizmin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Abbas İsmayılov dövlətimizin başçısının müvafiq fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib. Mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sessiyada çıxış edən Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, Azərbaycan multikulturalizmin, tolerantlığın, birgəyaşayışın təkcə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə məşğul olur. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını alıb.
Vasif Eyvazzadə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində reallaşan layihələrdən bəhs edib. Bildirib ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. O, həmçinin multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya və islamofobiyanın acınacaqlı təzahürlərindən danışıb.
Daha sonra “Bakı Prosesi”nin 10 illik fəaliyyətini əks etdirən videoçarx göstərilib.
“Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiyanın moderatoru Sara Rahim Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz Təşkilatının (ACWAY) fəaliyyətindən, gənclərlə bağlı reallaşdırdığı layihələrdən danışıb.
Qriffit Universitetinin Dinlərarası və Mədəni Dialoq Mərkəzinin direktoru Brayan Adams çıxışında dini və milli tolerantlıq mühitinin millətlərarası münasibətlərin sağlam şəkildə inkişafına töhfələri barədə söhbət açıb. O, müxtəlif millətlərdən olan gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müzakirələr aparmalarının əhəmiyyətli olduğunu bildirib. Eyni zamanda, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq kimi təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsinin, onların liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib. Brayan Adams bu cür imkanların yaradılmasına görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.
Plenar sessiyalar müzakirələrlə davam edib.
Xatırladaq ki, Bakı Mədəniyyətlərarası Gənclər Forumu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ənənəvi “Yay məktəbi” layihəsi çərçivəsində təşkil edilib. İyulun 15-də başlanan “Yay məktəbi” iyulun 21-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərəcək.