Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-də bir sıra görüş və toplantılara qatılıb.
Baş Assambleyada əhali və inkişaf üzrə Qahirə konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda çıxış edən Əli Əhmədov ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində görülən işlərdən söz açıb, habelə MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu diqqətə çatdırıb.
Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində də çıxış edib. O, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi barədə ətraflı məlumat verib. Baş nazirin müavini ölkəmizdə DİM-lərə nail olunması istiqamətində əsas çətinliklərdən bəhs edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini bir daha məlumatlandırıb, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb.
Səfər zamanı Əli Əhmədov BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper və Misirin Planlaşdırma, Monitorinq və Administrativ İslahatlar naziri xanım Hala Əlsaid ilə görüşüb.
Robert Piper ilə görüşdə Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə əməkdaşlığının uğurla davam etdiyi, bu əməkdaşlıq çərçivəsində bir sıra diqqətəlayiq layihələrin həyata keçirildiyi vurğulanıb.
Baş katibin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, eyni zamanda məcburi köçkünlərin əmək bazarına inteqrasiya edilməsi və məşğulluqlarının artırılması istiqamətində Azərbaycan Hökuməti ilə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.
Nazir Hala Əlsaidlə görüş zamanı Baş nazirin müavini Əli Əhmədov ölkəmizin Misirlə müxtəlif istiqamətlərdə əməkdaşlığından bəhs edib. Xanım Hala Əlsaid Azərbaycanda əhaliyə göstərilən dövlət və sosial xidmətlərin səmərəli tətbiqi üçün yaradılan “ASAN” və “DOST” mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq və bu təcrübənin Misirdə tətbiq edilməsi üçün əməkdaşlığın qurulması məqsədilə ölkəmizə səfər etmək niyyətini bildirib.