AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq, ədəbi cərəyanların Azərbaycan ədəbiyyatında yerindən danışıb. Akademik bu günə qədər ədəbi cərəyanların az tədqiq olunduğunu bildirib və bu mövzunun əsaslı şəkildə öyrənilməsinin zəruriliyini vurğulayıb.
İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatlar aparan Yaşar Qarayev, Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli, Qorxmaz Quliyev kimi alimlərin fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektoru da açılıb.
Müstəqillik dövrünə qədər Azərbaycan ədəbiyyatında erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların yarandığını deyən akademik hazırda dekadentizm, magik realizm, neorealizm, postmodernizm cərəyanlarının müşahidə olunduğunu qeyd edib.
Tədbirdə institutun şöbə müdiri, professor Tahirə Məmmədin “Divan ədəbiyyatı və ədəbi cərəyanlar problemi” mövzusunda məruzəsi dinlənilib.