Gənc rejissorların beynəlxalq layihə çərçivəsində çəkdikləri sənədli ekran əsərinin təqdimatı

Fevralın 18-də Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Ekran əsəri ötən il Bakıda gənc rejissorların iştirak etdiyi "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində ərsəyə gəlib. Polşanın tanınmış kino mütəxəssisləri Miroslav Dembinski və Maçyej Driqasın layihəsi əsasında təşkil olunan kurslar avqustun 21-dən sentyabrın 7-dək davam edib.
Dünyanın müxtəlif şəhərlərində kino təhsili verən məktəblərin tələbələri və gənc rejissorlar üçün silsilə seminarlardan ibarət olan bir neçə həftəlik kurs müddətində iştirakçılar qısametrajlı sənədli filmlər kolleksiyası üzərində çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli ekran işi ərsəyə gətirilir. Layihə indiyədək Pekin, Minsk, Kiyev, Moskva, Tokio, Tbilisi, Kişineu, İstanbul - ümumilikdə 12 şəhərdə həyata keçirilib.
“Bakı sübhdən günbatanadək” layihəsinə 25 gənc azərbaycanlı rejissor qatılıb. Kursların gedişi ilə tanış olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin əhəmiyyətini vurğulayaraq onun yeni ideyaların formalaşmasına təkan verəcəyini bildirmişdi.
Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, "Belsat" kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı "Azanfilm" studiyasıdır.
"Bakı sübhdən günbatanadək" layihəsi çərçivəsində "17-ci mərtəbə" (rejissor Ələkbər Əliyev), "Balıqçı" (Röyal Əliyev), "Xor" (Mənzər Hüseynova), "Zoopark" (Fariz Əhmədov), "Müəzzin" (Elvin Aşirov), "Samovar" (Murad Muradov), "Sovetskinin köhnə küçələri" (Gülər Abbasova),"Toy" (Səidə İsmayılova), "İbadət" (Elvin Aşirov, Murad Muradov, İmam Həsənov), "Ofisdə fasilə" (Eldar Albertson), "Xalçalar" (Eldar Albertson), "Neft" (Elnur Cəbrayılov), "Yarımtimsah" (Elnur Cəbrayılov), "Neft işçiləri küçəsi" (Günel Qədirova), "Heydər Əliyev Mərkəzi" (Günel Qədirova), "Attraksion" (Məryəm Nəcəfzadə), "Çildağ" (Məryəm Nəcəfzadə) və "Pinəçi" (Ramil Ələkbərov) qısa filmləri çəkilib.
Qeyd edək ki, "Dünya sübhdən günbatanadək" layihəsinin filmləri dünyanın müxtəlif bölgələrində, kinofestivallarda və televiziyalarda təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar