Bakı Uşaq Teatrı da mövsümə yekun vurdu

Növbəti mövsümə qədər sevimli tamaşaçıları ilə səhnə sovqatlı sağollaşan sənət ocaqlarından biri də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı oldu. Mövsüm ərzində bir-birindən maraqlı, fərqli janr və mövzulu səhnə nümunələri ilə tamaşaçılarını məmnun etməyə, onların teatr zövqünü formalaşdırmağa çalışan yaradıcı heyət mövsümün son gününü də yaddaqalan etmək üçün çalışdı.

İyulun 17-də Bakı Uşaq Teatrı Teatr Xadimləri İttifaqının tamaşa salonunda mövsümə yekun vurdu. Mərasimdə  nazirliyin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri, ən əsası isə kollektivin sadiq izləyiciləri iştirak edirdi.

Salonu dolduran müxtəlif yaş qrupundan olan tamaşaçılar qarşısına çıxan teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə dolğun keçən mövsümə qısa nəzər saldı. Müxtəlif idarə və müəssisələr, nazirlik və təşkilatlarla reallaşdırdıqları birgə uğurlu layihələrdən, maarifləndirici aksiyalardan, qastrol səfərlərindən bəhs etdi. Direktor “Bütün Azərbaycanı səhnə bilirik” ifadəsini qüvvətləndirmək üçün fərqli rayonlarda tamaşaçılar qarşısında etdikləri çıxışlardan, onların teatra sevgi və marağından da danışdı.

Tamaşanın maarifləndirici missiyasına xüsusi önəm verdiklərini deyən Əməkdar artist uşaq, yeniyetmə və gəncliyin sağlamlığı və əmin addımlarla gələcəyə irəliləməsi üçün teatr olaraq təbliğat maşını funksiyasını yerinə yetirməyə çalışdıqlarını dilə gətirdi.

Yeni mövsüm vədlərinin ardınca isə il ərzində yaradıcı fəaliyyəti ilə seçilən, eləcə də teatra dəstək olan, onun təbliğatı işini quran bir neçə şəxsə təsis etdikləri “Gümüş körpə” mükafatı verildi.

Mükafatçılar arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da var idi. O, təltifə görə teatrın kollektivinə minnətdarlığını bildirdi, yeni yaradıcılıq uğurları arzuladı.

Teatrın əməkdaşları arasında keçirilən sorğu əsasında müəyyənləşən digər mükafatçılar isə teatrşünas və media mənsubları idi.

Daha sonra balaca tamaşaçıların rəy sorğusuna görə, teatrın əməkdaşları Şahbuz Quliyev, Zəminə Allahverdiyeva, Leyla Hüseynova, Nərminə Məhərrəmova, Turəxanım Qasımlı, Niyaz Qasımov, Mehman Piriyev, Ədalət Ağaverdizadə, Günay Pirizadə, Emin Balayev və digərləri mükafatlandırıldı.

Sonda tamaşaçılar müasir dövrün qlobal problemlərindən olan insan alverinin fəsadlarına həsr edilən “Günahsız günahkarlar” tamaşasına baxdılar.

Böyüklər üçün nəzərdə tutulan tamaşanın səhnələşdirəni Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında çox yayılmış “mafiya” oyunu üzərində qurulub. Gənclər bu oyun sayəsində özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanına çevrilirlər. Kimisi yüksək gəlirli iş, kimisi ailə qurmaq adı ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?

“Günahsız günahkarlar” tamaşası bu suallara cavab üzərində qurulub. Özlüyündə bir sıra ağır məqamlara aydınlıq gətirən dramatik sonluqlu tamaşa alqışlarla qarşılandı.

HƏMİDƏ