Prezident İlham Əliyev iyulun 22-də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilib. Komissiyaya Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycanda 2000-ci ildən bu sahədə dövlət proqramları qəbul olunur. Ötən müddətdə dörd proqram icra olunub.
2019–2024-cü illər üçün Dövlət Proqramının Tədbirlər Planında müxtəlif dövlət qurumları və təşkilatların iştirakı ilə ayrı-ayrı istiqamətlər üzrə çoxsaylı tədbirlər nəzərdə tutulub. O cümlədən Mədəniyyət Nazirliyinin də iştirakı ilə şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqələrin təşkili, ictimai və din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli tədbirlərin təşkili, şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi və s. planda əksini tapıb.