Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın paytaxtı Dehlidə keçirilən II Noida beynəlxalq film festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Festival fevralın 14-də başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Ekran əsərinin süjeti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verən dəyişiklər üzərində qurulub.
Film indiyədək 20-dən çox beynəlxalq festival və kinoforumda iştirak edib, mükafat və diplomlara layiq görülüb.