Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə “Xəstəlik xəstəsi və ya yaşasın teatr” tamaşası ilə yekun vurub. İkihissəli tragifars J.Molyerin “Vasvası xəstə” və M.Bulqakovun “Molyer” əsərləri əsasında hazırlanıb.
Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib. Tamaşa həm də bütün ömrünü teatra həsr edən sənətkarlara ithaf olunub.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Nəsirova bildirib ki, başa çatan mövsümdə teatrda həmçinin Xalq yazıçısı Elçinin “Teleskop” əsəri gənc rejissor Orxan Həmidlinin quruluşunda səhnələşdirilib.
Şəki Dövlət Dram Teatrı 140-cı yubiley mövsümündə də izləyicilərini maraqlı tamaşalarla sevindirəcək. Yeni mövsümdə teatrın səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Sevil” pyesi və “Kitabi - Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsəri tamaşaya qoyulacaq. Bundan əlavə, yeni mövsümdə Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə təntənəli tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
1878-ci ildə Tiflisdə xəstə yatağında olan dahi dramaturq Mirzə Fətəli Axundzadə dövrünün maarifpərvər ziyalısı və yazıçısı Rəşid bəy Əfəndiyevdən xahiş edir ki, yazdığı əsərlərdən birini sağlığında Şəkidə tamaşaya qoysun. R.Əfəndiyev öz ətrafına bir dəstə həvəskar yığaraq barama anbarında səhnə düzəldir və M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya hazırlayır. Özü isə bu tamaşanın baş qəhrəmanı Hacı Qara obrazında çıxış edir. Müəllifə bu tamaşanı görmək qismət olmasa da, Şəkidə peşəkar teatrın təməli qoyulur.