Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin şəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov son illər şəhərdə aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət müəssisələrindən danışaraq bildirib ki, mədəniyyət işçilərinə diqqət və qayğı bizi daha da böyük nailiyyətlər əldə etməyə ruhlandırır.
Sonra şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şair Əşrəf Şəfiyev, Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, S.Vurğun adına Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova və digərləri çıxış ediblər.
Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək Sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər salıb, son illərdə görülən işlərdən danışıb, yeni bulvarın salınmasından danışıb. O, həmçinin şəhərdə Muğam mərkəzi və kinoteatrın inşası barədə danışaraq sakinlərin mədəni istirahətlərini təmin etmək üçün bütün lazımi şərait yaradılacağını deyib.