Dünya şöhrətli fransız aktyoru Pyer Rişar Yessentuki şəhərində (Rusiya Federasiyası Stavropol diyarı) “Xrustalnıy istoçnik” (“Büllur bulaq”) kinofestivalının açılış mərasimində fəxri qonaq qismində iştirak edəcək.

Məlumatda deyilir ki, tədbir çərçivəsində Yessentukinin mərkəzindəki Ulduzlar xiyabanında aktyorun adına “ulduz”un açılışı olacaq.

Kinofestivala dəvət olunanlar arasında Tamara Qverdtsiteli, İvar Kalnınış, Aleksandr Baluyev, Alla Surikova, Larisa Quzeyeva və başqa məşhurlar var.

Festivalın prezidenti və təsisçisi aktyor Evklid Kyurdzidisdir. Onun sözlərinə görə, Ulduzlar xiyabanında açılış mərasimində iştirak etməyi planlaşdıran məşhur aktrisaların – 2018-ci ildə festivalın qonağı olmuş Katrin Denevin, Alisa Freydlixin, Svetlana Nemolyayevanın və İrina Muravyovanın da adına “ulduzlar” yerləşdirmək planlaşdırılır.

Məşhur kurort şəhərində “Xrustalnıy istoçnik” festivalı ikinci dəfə təşkil edilir. 2018-ci ildə kinofestivala 100 mindən çox adam qatılıb. Tədbir Stavropol Diyarı Hökumətinin, RF Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.