Bakıda ilk dəfə Nepal Respublikasının təşkilatçılığı ilə “Quiz Mania” Beynəlxalq bilik yarışmasının seçim turları keçirilib. Yarışmanın milli seçimlərini həyata keçirmək üçün Nepal aktyoru, 200-dən artıq filmdə rol alan Rajesh Hamal və “Quiz Mania”nın prezidenti Hari Pokhrel Azərbaycana gəlib. Tədbirdə aidiyyəti nazirliklərin nümayəndələri də iştirak ediblər.
Tədbirin rəsmi hissəsində beynəlxalq yarışmanın ölkə üzrə koordinatorları İlkin Əliyev və Məhbubə Musayeva qonaqlara yarışmanın hansı formatda keçiriləcəyi ilə bağlı məlumat veriblər.
Rajesh Hamal ilk dəfə Bakıya gəldiyini qeyd edərək Azərbaycanın da bu beynəlxalq bilik yarışmasına qatılmasından məmnunluğunu bildirib. Milli seçimlərin ilk turunda 9 məktəbdən 12 komanda final turuna çıxmaq üçün yazılı imtahan verib, tədbirin bədii hissəsində Azərbaycanın xalq mahnıları, muğamları, milli rəqslərimiz Nepaldan gələn qonaqlara nümayiş etdirilib.
Yarışmanın final mərhələsində 3 komanda yarışıb və yekunda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri birinci yeri tutublar və beynəlxalq turda iştirak haqqı qazanıblar.
Sonda layihənin rəhbəri Hari Pokhrel tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan üzrə koordinatorlara öz təşəkkürünü bildirib və onlara xüsusi hədiyyə təqdim edib.
Qeyd edək ki, yarışma artıq yeddi ildir ki, ənənəvi olaraq müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilir. Bu il 30-dək ölkə avqustun 12-dən 22-dək Nepalın Katmandu şəhərində baş tutacaq yarışda iştirak edəcək.