Pol Makkartni müzikl yazır

Əfsanəvi “The Beatles” rok-qrupunun keçmiş üzvü Pol Makkartni öz karyerasında ilk dəfə “Bu gözəl həyat” adlı müzikl üzərində işləyir. Musiqiçi bu barədə özünün rəsmi internet səhifəsində məlumat yayıb.

P.Makkartninin sözlərinə görə, o, kinematoqrafiya tarixində ən əlamətdar ekran əsərlərindən birinin – rejissor Frenk Kapranın “Bu gözəl həyat” filminin (1946) səhnədə musiqili variantı üzərində çalışır.

P.Makkartni müziklin mahnıları üçün mətnləri də özü yazır, əsəri səhnələşdirmək üçün isə həmyerlisi, teatr və kino impresariosu Bill Kenrayt ilə əməkdaşlıq edir.

O deyib: “Buna bənzər bütün layihələr kimi, hər şey elektron məktubdan başladı. Bill soruşdu ki, müzikl üzərində işləməyə necə baxıram. Müzikl yazmaq heç vaxt məni cəlb etməyib. Lakin sonradan düşündüm ki, bu, maraqlı və ürəkaçan iş ola bilər. Axı “Bu gözəl həyat” özünün həyat çarpışmaları ilə birlikdə hamımıza yaxın olan süjetdir. Filmin ekranlara çıxmasından 70 ildən çox vaxt ötür. Amma bu əhvalat əvvəlki kimi, hətta bəlkə əvvəlkindən daha aktualdır, çünki bizə ailəmizin, dostlarımızın qədrini, həyatımızın dəyərini bilməyi öyrədir”.

Müziklin premyerası 2020-ci ildə olacaq.

SƏBİNƏ