İyulun 24-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda konfrans keçirilib.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mətbuatımızın rolu danılmazdır. “Əkinçi” qəzetindən başlayan söz və ifadə azadlığı bizə “Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə sağlam tənqidi öyrətdi. Bu mənada milli mətbuatın yaranması milli kimliyimizin formalaşmasında xüsusi rola malikdir.
Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqa çıxış edənlər Azərbaycanda müstəqil mətbuatın inkişafından bəhs ediblər.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunmuş “Milli mətbuat – milli düşüncə” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.