Nurlan Kalıbekov: “Eyni kökdən olan xalqlar qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidir”
Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 24-də Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir Azərbaycanla Qırğızıstan arasındakı mədəni əlaqələrdən söz açıb. Ölkəmizdə mədəniyyətə və ədəbiyyata dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Əbülfəs Qarayev bu dəstəyin yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri ölkəmizdə və xaricdə nəşr olunaraq təbliğ edilir.
Nazir vurğulayıb ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgiləri, xarici yazıçıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türkdilli xalqların ümumi ədəbi inkişafına töhfələr verir.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov öz növbəsində səmimi qəbula görə təşəkkür edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə mədəniyyətimizlə yaxından tanış olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni irsinə bağlılığı onları heyran edib.
Qonaq təmsil etdiyi qurumla Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişafından danışaraq deyib ki, yaxın günlərdə iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub. Dillərimizin və mədəniyyətlərimizin yaxınlığından danışan Nurlan Kalıbekov ölkəmizə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Bildirib ki, səfər zamanı Bakıda “Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə “Gənc qırğız şeiri antologiyası”nın təqdimatı keçirilib.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki, eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidirlər.
Görüşdə Qırğız-Türk Manas Universitetinin (Bişkek) əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin qırğız təmsilçisi Altınbek İsmail, “Manas” radiosu mədəniyyət proqramının redaktoru, şair Jıldızbek Tursunbayev, şair-tərcüməçilər Nuriza Ömürbayeva, Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev, Bakıda Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı, nazirliyin əməkdaşları iştirak ediblər.