Oktyabrın 12-də Bakıdakı Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Tretyakov Qalereyası və Rus İkonası Muzeyindən toplanmış ikona sənəti inciləri və dini heykəltəraşlıq nümunələrindən ibarət sərgi açılacaq.

İmperator Pravoslav Fələstin Cəmiyyətinin də dəstək verdiyi sərgi mədəniyyətlərarası əlaqələrə töhfə olan layihədir. “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov Qalereyası və Rus İkonası Muzeyindən XVIII–XX əsrin əvvəllərinə aid abidələr” adlı sərgidə izləyicilərə 100-dən çox ikona, heykəltəraşlıq nümunəsi, Pasxa yumurtaları təqdim ediləcək.

Sərgilənəcək əsərlər rus ikona sənətinin son dövrlərinə aiddir. Həmin vaxtların əsərləri xüsusi dəbdəbəsi ilə seçilir: qızıl işləmələrə üstünlük verilir və detallar incəliklə işlənirdi. Sərginin eksponatları bu sahənin əsas regionları – Moskva, Tver, Volqaboyu, Vladimir vilayətinin Palex və Mstera kəndlərini, Ural regionundakı qədim Nevyansk şəhərini əhatə edir. Sərginin seçilən eksponatları sırasında XIX əsrin son iki onilliyində - XX əsrin əvvəlində Moskvada öz emalatxanalarını yaradan və yeni paytaxt üslubunun yaradıcılarından olan Mstera ikona sənəti nümayəndələrinin əsərləri də yer alacaq.

Ənənəvi metal üzərində oyma texnikası ilə hazırlanmış çekankalar (metal lövhə üzərində relyefli döymə), emalla, mirvari və digər qiymətli daşlarla bəzədilmiş çərçivələr, eləcə də modern epoxasında yaradılan çərçivələr ziyarətçilərin marağına səbəb olacaq. Ziyarətçilər ikona sənətinin parlaq nümunələri vasitəsilə unikal rus bədii mədəniyyətinin zənginliyi ilə tanış olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, “Rusiya imperiyasının ikona sənəti sərvətləri. Tretyakov qalereyasından və Rus ikonası Muzeyindən XVIII-XX əsrin əvvəllərinə aid abidələr” layihəsi Şərqdə ilk dəfə Bakıda təşkil olunur.

Sərgi Heydər Əliyev Mərkəzində dekabrın 15-dək davam edəcək.