Prezident İlham Əliyev avqustun 1-də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan sarayının Dünya irs siyahısına salınmasında fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, nazir müavini Sevda Məmmədəliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Eyni zamanda Ramil Abbəkirov, Tamerlan Axundov, Rəşad Əliyev, Seymur Həsənov, Xumar İbrahimova və Təranə Qəmbərova “Tərəqqi” medalına layiq görülüblər.
Ölkə başçısının digər sərəncamı ilə Aygün Babazadə, Araz Bağırlı, Rizvan Bayramov, Vasif Eyvazzadə, Əfsun Əhmədov, Günay Əliyeva, Ələkbər Xıdırov, Pietro Laureano və Sami Yusuf “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.