UNESCO-nun Baş direktoru xanım Odre Azule Azərbaycan Respublikası Hökumətinə Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubu göndərib.

Məktubda ölkəmizin UNESCO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahibliyi etdiyi bildirilir və Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunur.

Baş direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət etməkdən zövq aldığını da xüsusi qeyd edir: “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.

Məktubda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət naziri 19 noyabr 2019-cu il tarixində UNESCO Baş Konfransının 40-cı sessiyası öncəsi  keçiriləcək Mədəniyyət Nazirləri Forumunda iştiraka dəvət olunub.

Baş direktorun məktubu bu fikirlərlə bitir: “Mən Bakını UNESCO və Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər fonunda tərk etdim və bu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə daim etimad edə bilərəm”.

***

UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler də Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Azərbaycan Hökumətinə təşəkkür məktubu göndərib. Məktubda ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi təqdir olunur. Qeyd edilir ki, Bakı sessiyasında gündəlikdə duran bir çox məsələlər zamanında və müvəffəqiyyətlə həllini tapıb. Xanım Rossler Dünya İrs Mərkəzindəki həmkarları adından iclasların yüksək səviyyəli təşkilinə görə Azərbaycan Hökumətinə, o cümlədən gündəlik planlaşdırmalara birbaşa cəlb olunan, UNESCO katibliyinə hər cür lazımi köməklik göstərən komandaya xüsusi minnətdarlığını ifadə edib: “Biz iclasların keçirildiyi möhtəşəm məkanı, göstərilən peşəkarlığı, heyətin alicənablığını, yüksək səviyyədə təşkil olunan xidməti, iclasların koordinasiyasını həyata keçirən şəxslərin isti münasibətini xüsusi qiymətləndiririk”.

Dünya İrs Mərkəzinin direktoru məktubunda həmçinin Azərbaycanın Mədəniyyət naziri 27-28 noyabr tarixində UNESCO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək dünya irsi üzrə Konvensiyanın iştirakçısı olan dövlətlərin 22-ci ümumi iclasına dəvət edilib. Bildirilir ki, iclasda Dünya İrs Komitəsi 43-cü sessiyasının sədrinin komitənin fəaliyyəti ilə bağlı hesabatının dinlənilməsi nəzərdə tutulur.

Mextild Rossler məktubun sonunda bir daha davamlı əməkdaşlığa, dünya irsi üzrə Konvensiyanın həyata keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Hökumətinə minnətdarlığını bildirir.

Xatırladaq ki, 30 iyun – 10 iyul 2019-cu il tarixlərində Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Azərbaycan 2015-ci ildən Dünya İrs Komitəsinin üzvüdür və 2019-cu ildə komitəyə sədrliyi həyata keçirir. 43-cü sessiyanın iclaslarına Azərbaycan Respublikasının Mədəniyyət naziri sədrlik edib. Sessiyada 180-dən çox ölkədən 2500-dən çox nümayəndə, o cümlədən nazirlər, yüksək səviyyəli rəsmilər, eləcə də beynəlxalq təşkilatların rəhbər və məsul şəxsləri iştirak edib.