Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəz (MEMİM) və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə iyulun 26-da Gədəbəydə gənc mədəniyyət işçilərinin Beynəlxalq yay düşərgəsi təşkil olunub.

Milli Yaylaq Festivalı çərçivəsində gerçəkləşən düşərgədə regional idarənin nümayəndələri, müxtəlif regionlardan olan gənc mədəniyyət işçiləri, Türkiyə, Rusiya və Qazaxıstandan gələn qonaqlar iştirak edib.

MEMİM-in direktoru Asif Usubəliyev düşərgəni açıq elan edərək belə layihələrin gənc mədəniyyət işçiləri arasında səmimi münasibətlərin, dostluq hisslərinin formalaşmasında, yeni ideyaların ortaya çıxmasında və problemlərin birlikdə həll olunmasında yardımçı olduğunu vurğulayıb.

Gədəbəy şəhərindəki Heydər Əliyev parkında yay düşərgəsi çərçivəsində “Küçə gitaraçıları və qraffiti festivalı” təşkil olunub. Gitaraçıların ifa etdiyi melodiyaların sədaları altında Mədinə Rəhimova və digər qraffiti ustaları öz bacarıqlarını nümayiş etdiriblər.

Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oral, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayeva, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukova çıxışlarında düşərgənin təşkilatçılığını yüksək qiymətləndiriblər. Düşərgə iştirakçıları Milli Yaylaq Festivalına da qatılıblar.