“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərində “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsini həyata keçirir.
Təşkilatın sədri Lamiyə İsazadə layihə barədə məlumat verərək bildirib ki, cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum uşaqların taleyi hər kəsi narahat edir. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, 18 yaşdan sonrakı həyatını necə quracaqları da mühüm məsələdir. Uşaq evində yaşayan uşaqların az hissəsi ali məktəblərə qəbul olub təhsil alır. “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihə üzrə valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlara Gəncə şəhər Gənclər evində 3 aylıq dekorativ-tətbiqi sənət kursu təşkil olunub. Kurs bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə (naxışların salınması) sənətini əhatə edir. Üç ay davam edəcək kursun yekununda uşaqların Gəncə və Bakı şəhərlərində əl işlərinin sərgisi keçiriləcək.
Gənclər evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmovanın keçdiyi dərsə uşaqlar böyük həvəs göstərirlər. Layihə rəhbəri Gənclər evinin direktoru Amil Qurbanova layihənin icrası üçün yaradılan şəraitə görə təşəkkür edib, layihənin maliyyə dəstəkçisi olan Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığını bildirib.