Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası və “Salnaməfilm” studiyasının birgə təşkilatçılığı ilə iyulun 31-də paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində yeni istehsal edilmiş cizgi filmlərinin nümayişi keçirildi.
2 avqust – Milli Kino Günü münasibətilə təşkil edilən tədbirdə nazirliyin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə uşaqları salamladı, onlara kino sənəti haqqında məlumat verdi. Mehriban ünsiyyət şəraitində keçən görüşdə balacalar arzu və istəklərini dilə gətirdilər.
Sonra “Salnaməfilm” və “3 dost” animasiya studiyalarının istehsalı olan “Cırtdan və sehrli xalat”, “Azanfilm”in istehsal etdiyi “İt sərgisi” və “Cəsur təyyarə” cizgi filmləri nümayiş olundu. Uşaqlar filmləri sonsuz maraq və sevinclə seyr etdilər. Cizgi filmlərinin nümayişindən sonra uşaqlara hədiyyələr paylanıldı.
Daha sonra Kinematoqrafiya şöbəsinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində oldular.
Almaz Sultanzadə Azərbaycan kinosu haqqında qısa məlumat verdikdən sonra onların hansı cizgi və bədii filmləri sevdiklərini xəbər aldı, uşaqların təəssüratlarını dinlədi.
Maraqlı dialoq başa çatdıqdan sonra cizgi filmləri nümayiş olundu. Filmlər uşaqların böyük sevinc və marağına səbəb oldu. Sonra təhsil ocağına ərzaq sovqatı, balacalara müxtəlif dərs ləvazimatları və hədiyyələr təqdim edildi.
LALƏ