Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimizin məhv edilmiş inciləri” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil edilib.
Tədbir məcburi köçkünlərin daha çox məskunlaşdığı Bakı və ətraf qəsəbələrdə keçirilib. Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (paytaxtın Nərimanov rayonunda yerləşir) təşkil olunan tədbirdə QHT sədri Rahilə Mehdiyeva layihə haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalı nəticəsində tarixi-memarlıq abidələri, arxeoloji abidələr, 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı dağıdılaraq talan edilib. Bu abidələr həm də mənəviyyat tariximizin səhifələridir. Həmin abidələri gənc nəslə tanıtmalı, eyni zamanda beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq.
Tədbir sonrakı iki gündə Zəngilan Tarix-Diyarşünaslıq Muzeyində sərgi ilə davam edib. Sərgi zamanı nümayiş olunan qədim tarixi eksponatlar haqqında geniş məlumat verilib. Tədbirdə gənclər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri müxtəlif təkliflərlə çıxış ediblər. Belə maarifləndirici layihələrin yeni nəslin işğal altında olan torpaqlarımızın tarixi haqqında daha geniş məlumatlanması üçün əhəmiyyəti vurğulanıb. Layihənin həyata keçirilməsinə verilən dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlıq ifadə olunub.