Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elminin inkişafı üçün əlverişli zəmin var. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının daha da genişləndirilməsini zəruri edir.

Ölkəmizdə yüzlərlə əcnəbi təhsil alır, işləyir. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün Azərbaycan dilini öyrənmələri üçün imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir. Bu məqsədlə ötən il (17 iyul 2018-ci il) Prezident İlham Əliyev  “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilmə mexanizmlərinə və icra müddətinə dair təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılmışdı.

Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin yaratdığı İşçi qrup tərəfindən lazımi sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Prezidentin sərəncamından irəli gələn məsələlərin həlli  yekun mərhələyə qədəm qoyub. Demək, yaxın gələcəkdə Azərbaycan dilinin elektron platformasından istifadə mümkün olacaq və ölkəmizə təşrif buyuran əcnəbilərin bunun sayəsində Azərbaycanı daha yaxından tanımaq, o cümlədən mədəni irsimizlə bağlı məlumat almaq imkanları da artacaq.

Lalə AZƏRİ