Sentyabr ayında Fransanın Şarlövil-Mezyer (Charleville-Mézières) şəhərində 20-ci Beynəlxalq Marionet Teatrları Festivalı keçiriləcək. Festivalda ölkəmizi Bakı Marionet Teatrı təmsil edəcək. Teatr beynəlxalq festivala “Leyli və Məcnun” tamaşası ilə qatılacaq.
Teatrın əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulub. Teatr hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə ayrılmış tarixi binada fəaliyyət göstərir. Teatrın repertuarına Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəylinin əsərləri daxildir.
Qeyd edək ki, 1961-ci ildə əsası qoyulmuş Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında 30-dan çox ölkənin truppaları tamaşalar təqdim edir. Əvvəllər 3 ildən bir keçirilən festival 2009-cu ildən etibarən 2 ildən bir keçirilir.